• İDMAN

    17:49 19 mart 2019

Almaniyalı idmançı: “Ümid edirəm ki, Mingəçevir hazırlığı bizə düşərli olacaq”

“Komandamız ardıcıl 3 ildir Mingəçevirə - “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə təlim-məşq toplanışına gəlir. Etiraf edim ki, bu bazanın imkanları geniş və kompleks təlimlər üçün əlverişlidir”. Bunu ONA-nın Mingəçevir bürosuna bu şəhərdə təlim-məşq toplanışında olan Almaniyanın “Leypsiq” komandasının avarçəkəni Vilyam Ştrulik deyib.

Gənc idmançı böyük yarışlar ərəfəsində ölkəmizə gəlişinin səbəblərini açıqlayıb. O bildirib ki, Mingəçevirdəki şəraiti komandanın hər bir üzvü bəyənir: “Mingəçevir toplanışları ilin hər dəfə ən vacib dönəmlərində təşkil olunur. Biz də bundan istifadə edib, ölkə və beynəlxalq əhəmiyyətli ciddi yarışlara hazırlaşırıq. Məsələn, ötənilki hazırlıqdan sonra kifayət qədər uğurlarımız olub. Mən özüm də Almaniyada mötəbər yarışda yüksək nəticə qazandım. Həmçinin Belarusun Brest şəhərində keçirilən beynəlxalq yarışda bürünc mükafata yiyələndim. Komanda yoldaşlarım arasında nailiyyətləri olan yetərincə idmançı var. Hamısı da Mingəçevirdəki gərgin məşqlərin bəhrəsidir”.

V.Ştrulik qatılacaqları yarışlardan da danışıb. Akademik avarçəkənin sözlərinə görə, ilk ciddi sınaqları apreldə olacaq: “Almaniyada iki nəfərlik kiçik qayıqlarda vacib yarışımız olacaq. İyunda isə Almaniya çempionatında bizi gərgin mübarizə gözləyir. Bunun ardınca Floridada beynəlxalq turnirə qatılacağıq. Ümid edirəm ki, Mingəçevir bazasında keçdiyimiz hazırlıq qarşıdakı yarışlarda növbəti dəfə bizə düşərli olacaq”.
Ehtiram Muradov

Tahir

Teqlər:

SON XƏBƏRLƏR