“Bakıya martın 3-ü gecə gəldim. Səhər isə Avropa Liqasının finalına həsr olunan oyun baş tutdu”. ONA-nın məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin deyib.
Hazırda uzun illər şərəfini qoruduğu “Zenit” klubunun akademiyasında çalışan veteran futbolçu “Ulduzlar finalı”nda iştirak üçün Bakıya səfər edib. A.Arşavin AFFA-nın bu gün baş tutan Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb: “Oyun günü axşam İçərişəhəri gəzdik, şam etdik. Bu gün isə AFFA-nın Konfransına qatılmışıq. Axşam digər futbolçularla birlikdə “Grassroots” layihəsində iştirak edib, ardınca səfəri başa vuraraq, evimizə yollanacağıq”.
A.Arşavin Avropa Liqasının mayın 29-da keçiriləcək finalı barədə istəyini də açıqlayıb: “Sözsüz ki, “Zenit”i finalda görmək istəyirəm. Komanda hələ mübarizəni davam etdirir. Digər rəqibin kimliyi fərq eləmir. Çünki finaldasansa və kuboku qazanmaq istəyirsənsə, istənilən rəqibə qalib gəlməlisən. “Arsenal” – “Zenit” matçı mənim üçün ideal final olar. Təbii ki, “Zenit”in iddiaları böyükdür və Çempionlar Liqasında oynamaq, uğur qazanmaq istəyir. İndi elə alınıb ki, Avropa Liqasında oynayırsa, burada qələbə qazanmağa çalışır”.
Rusiyalı veteran ölkəmizə səfərləri və bir müddət öncə klublarımızdan birinə transferi barədə yayılan şayiələrə münasibət bildirib: “Bunadək iki dəfə Bakıda olmuşam. Birinci dəfə futbolçu kimi millilərin oyununda iştirak etmişəm, ikincidə şəxsi səfərə gəlmişəm. Bu dəfəki səfər işgüzar xarakter daşıyır. “Ulduzlar finalı”na gəlincə, belə matç uşaqların televizorda gördükləri dünya ulduzlarını canlı izləmək imkanı yaradır. Daha çox əyləncə xarakteri daşıyır. Mən özüm oyun zamanı bir epizodda başımın üzərindən qapıya zərbə vurmaq istədim. Amma alınmadı. Hardasa oxumuşam ki, futbolçu olduğum vaxt kimlərsə məni Azərbaycana dəvət edib. Amma bu həqiqət deyil”.