“Mənə ABŞ klubundan təklif fevralda gəldi, müzakirələr oldu. Danışıqlar təxminən 2 aya yaxın davam etdi”. Bunu ONA-ya “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.
37 yaşlı müdafiəçi karyerasını ABŞ-ın “Nyu-York Kosmos” klubunda davam etdirəcək. Onun 2010-cu ildən şərəfini qoruduğu Ağdam təmsilçisi ilə müqaviləsinə “Səbail”lə sabah keçirəcək Topaz Premyer Liqasının oyunundan sonra xitam veriləcək. A.Aqolli bildirib ki, “Qarabağ”dan ayrılmasında ailəsinin ABŞ-da yaşaması mühüm rol oynayıb: “Ailəm də ordadır və gələcəkdə orda yaşamağı planlaşdırdığımızdan təklifi dəyərləndirmək istədim. ABŞ-da çempionat apreldə başlayacaq. Mənim artıq onlarla razılaşmam var. Ona görə də “Səbail”lə matçdan sonra birbaşa Albaniyaya deyil, ABŞ-a yollanacam”.
A.Aqollinin sözlərinə görə, heyətində son 5 mövsümdə çempion olduğu komandadan ayrılmaq heç də asan deyil: “Qarabağ”dan ayrılmaq mənim üçün çox çətindir. Bu komandada 9 il oynamışam, uğurlar qazanmışam. Azərbaycan çempionu, ölkə kubokunun qalibi adına yiyələnmişəm. Çempionlar Liqasının, Avropa Liqasının qrupunda oynamışıq. Çox fərqli bir hissdir. Təbii ki, mənim üçün çətindir. ABŞ-a getməyimi məhz futbol deyil, ailəmin orda yaşaması ilə bağlıdır. “Qarabağ” həyatımda böyük bir iz buraxıb. Bura mənim ikinci ailəm olub, çox şey qazanmışam. Özümü klubun bir parçası hesab edirəm. Vaxt, imkan olduqca bura yenə qayıdacam”.
Albaniya millisinin sabiq kapitanı ölkəmiz haqda da xoş sözlər söyləyib: “Azərbaycan mənə xoş xatirələr bağışlayıb. 9 il burda yaşamaq az bir müddət deyil. Bura gələnə qədər də legioner həyatı yaşamışam. Amma Azərbaycan tamam bir başqadır. 9 il burda qalmağımda Azərbaycana olan sevgim, mənə olan doğmalıq, insanların münasibəti çox böyük rol oynayıb”.