AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının futbolçusu Ante Rebiç zədələnib. ONA-nın məlumatına görə, Almaniyanın “Ayntraxt” klubunda çıxış edən hücumçu Bundesliqanın “Hoffenhaym”la görüşündə xəsarət alıb.
Qarşılaşmanın gedişində dizindən zədə alan Rebiç bu səbəbdən matçın fasiləsində əvəzlənib. 25 yaşlı xorvatiyalı Frankfurt təmsilçisinin növbəti iki matçını buraxacaq. O, sabah Avropa Liqasının “İnter”lə görüşündə, həmçinin Bundesliqanın növbəti oyununda meydana çıxa bilməyəcək. Rebiç müayinə üçün Serbiyanın paytaxtı Belqrada yollanıb.
Onun millinin heyətində AVRO-2020-nin seçmə mərhələsinin martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı keçiriləcək oyunlarındakı iştirakı da sual altındadır. Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç də futbolçunun durumundan narahatdır və yekun qərarın gələn həftə veriləcəyini bildirib: “Rebiç dizindən zədələnib. Klubunda növbəti iki matçı buraxacaq futbolçunun durumuna gələn həftə tam aydınlıq gələcək. İndidən bu barədə danışmaq tezdir. Ante hələ müayinələrdən keçməlidir”.
Qeyd edək ki, Rebiç baş məşqçinin qarşıdakı oyunlar üçün açıqladığı 24 futbolçudan ibarət siyahıda yer alıb.