“Mənə Azərbaycan milli komandasının məşqçisi vəzifəsində çalışmaq təklifi təxminən bir həftə əvvəl edildi. Həmin vaxt görüşdük, müzakirələr apardıq. Mən də yığmada çalışmağa razılıq verdim”. Bunu ONA-ya açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
49 yaşlı mütəxəssis yığmanın baş məşqçisi Nikola Yurçeviçin köməkçilərindən biri təyin olunub. A.Əsədov bu təyinatın xorvatiyalı mütəxəssislə görüşdən sonra gerçəkləşdiyini bildirib: “Təyinatın rəsmiləşməsi üçün yalnız baş məşqçi Nikola Yurçeviçlə görüşümüz qalmışdı. Dünən xorvatiyalı mütəxəssislə də görüşüb müzakirələr apardıq. İki məşqçi arasında olan söhbətin təfərrüatlarını açıqlamaq istəmirəm. Amma görüşün müsbət nəticələndiyini söyləyə bilərəm”.
A.Əsədov millinin iki köməkçi məşqçisindən biri olacaq. Mütəxəssis bildirib ki, xorvatiyalı həmkarı Mario Tokiçlə arasında vəzifə bölgüsü aparılmayıb. Hər ikisi məşqçi N.Yurçeviçlə birlikdə təlim-məşq toplanışı üçün heyəti müəyyənləşdirməyə kömək edəcəklər: “Yurçeviçin digər köməkçisi xorvatiyalıdır. Hazırda əsas planımız Topaz Premyer Liqasının qarşıdakı iki turunun oyunlarını izləməkdir. Bu matçlara əsasən milliyə namizədlərin siyahısını tərtib edəcəyik. Bundan sonra komandanın təlim-məşq toplanışına dəvət alacaq futbolçular müəyyənləşəcək. İndidən oyunçular və toplanış barədə nəsə deyə bilmərəm. Əlbəttə, milli komanda üçün ən faydalı addımları atacağıq. Yığma üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bu gün Mario Tokiç və Arif Əsədov milli komandada baş məşqçinin köməkçisi, Dmitri Kramarenko qapıçılar üzrə məşqçi təyin olunub.