• İDMAN

    17:47 2 aprel 2019

Arkadi Naydiç: “Azərbaycanda ancaq ən yüksək nəticəni tələb edirlər” - MÜSAHİBƏ

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" turnirində partiyaları ingilis dilində şərh edən Azərbaycan millisinin üzvü, Avropa çempionu Arkadi Naydiç yarışın rəsmi saytına müsahibə verib. ONA-nın məlumatına görə, milliləşdirilmiş legioner turnirin gedişi və yığma komanda barədə danışıb.

- Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" turnirinin ilk turlarını necə qiymətləndirirsiniz?
- İlk növbədə unudulmaz şahmatçı Vüqarın xatirəsinə belə yarışın keçirilməsini qeyd etməliyəm. Təşkilatçılar "ShamkirChess2019" yarışını onun adına layiq keçirməyə nail olublar. İlk turlarda maraqlı partiyalar izlədik. Məsələn, Maqnus Karlsen ilk oyunda çətinlik yaşadı. Teymur Rəcəbov ona qarşı üstünlük qazanmışdı. Sadəcə, üstünlüyü inkişaf etdirmək mümkün olmadı. Rəcəbovun dünya çempionundan xal almağa real şansları var idi. İkinci turda Anand Maqnusa uduzsa belə pis oynamadı. Partiyanın taleyi 10 gedişə həll olundu. Sergey Karyakinin inamlı oyununu söyləməliyəm. Ümumilikdə, ilk turlarda Karlsenin hegemonluğu aşkar görünmür.

- Şəmkir turnirində üç dəfə Maqnus Karlsen qalib gəlib. Sizcə dünya çempionunu kim dayandıra bilər?
- FİDE reytinqində birinci pillənin sahibidir. İstənilən yarışda qələbə qazanmaqla bacarığını göstərir. Sözsüz ki, ona qarşı layiqli rəqiblər var. Amma onlar çox ehtiyatlı davranırlar. Sanki Karlsen hamını tilsimləyir. Yarışın yekunuyla bağlı 6 turdan sonra danışmaq olar.

- Çin təmsilçisi Dinq Lireni ona qarşı əsas rəqib hesab edirlər. Çox stabil oyun nümayiş etdirir...
- Sizinlə tamamilə razıyam. Dinq Liren bəlkə də dünyada hazırda ən stabil şahmatçıdır. Onun üçün iki nəticə var - qələbə və ya heç-heçə. Məğlubedilməz kimi tanınıb. Partiyada istənilən dönüş etməyi bacarır. Maqnusla duelini maraqla gözləyirik. Gəlin unutmayaq, Şəmkir turniri 9 turdan ibarətdir, hər turda lider dəyişə bilər.

- Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun şansları necədir?
- Milli komandada birgə çıxış etdiyim həmkarlarıma inanmaq lazımdır. Şəhriyar iki dəfə Şəmkir turnirində qələbə qazanıb. Bu dəfə də çempionluq uğrunda yarışacaq. Teymur Rəcəbova gəldikdə, o, yəqin ilk “üçlük”də qərarlaşmağı hədəf seçib. Unutmaq olmaz ki, Şəmkirdə Sergey Karyakin, Veselin Topalov, Aleksandr Qrişuk kimi şahmatçılar var. Bu şahmatçıların hər biriylə hesablaşmaq vacibdir.

- Son aylar şahmatda heç-heçələr tənqid olunur. Razısınızmı, heç-heçələr şahmatı maraqsız edir?
- Heç-heçələr fərqli olur. Futbolda bərabərlik olur, 0:0 və ya 4:4 kimi. Hər ikisi fərqlidir. 4:4 bitən matçda məhsuldarlıq var. Maraqsız heç-heçələr darıxdırıcı olur. Amma bəzən heç-heçəyə maraqsız demək olmur. Çempionluq matçında Maqnus Karlsen - Fabiano Karuana duelində çoxlu sayda bərabərliklər qeydə alındı. Lakin hamısında maraqlı mübarizə izlədik. Partiya şahmatçılardan asılıdır, onlar mümkün qədər aktiv oynaya bilər.

- İlin sonunda milli komandalar arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan millisi son yarışda qızıl medal qazanıb. Deməli növbəti çempionatda da yalnız qızıl medal yaxşı nəticə hesab ediləcək...
- Azərbaycanda ancaq ən yüksək nəticəni tələb edirlər. Biz şahmatçılar bunu başa düşürük. Azərbaycan millisi ən güclülər sırasındadır. Fikrimcə, yenidən qalib gəlmək şanslarımız çoxdur. Son qitə birinciliyində olduğu kimi vahid komanda şəklində yarışmaq lazımdır. Millidə mehriban atmosfer var. Ona görə rəqiblərə çətinlik yaradacaq gücdəyik.

- "ShamkirChess2019" saytında partiyaları ingilis dilində şərh edirsiniz. Bu sizin üçün ilkdir?
- Karyeramda ilk dəfə şərhçi kimi çalışıram. Çox maraqlıdır. Canlı yayımda sanki təcrübəmi bölüşürəm, dərs keçirəm. Bütün oyunları təhlil edirəm, öz variantlarımı söyləyirəm. Canlı yayımda tamaşaçıların şərhləri müsbətdir. Bu, məni çox sevindirir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR