Avropa Liqasının Bakıda keçiriləcək final oyununun iştirakçılarına veriləcək biletlərin sayı müəyyənləşib.
ONA-nın BBC-yə istinadən məlumatına görə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matça vəsiqə qazanan İngiltərə klubları “Arsenal” və “Çelsi”nin hərəsinə 6 min bilet verilib.
68 min 700 nəfər tutuma malik arenada belə az yerin verilməsi “Arsenal”ın narazılığına səbəb olub. Klub rəhbərliyi ciddi çətinliklərlə üzləşəcəyini açıqlayıb: “İllərdir komandanı dəstəkləyən, Avropa Liqası matçlarında bizim oyunlara səfər edən minlərlə azarkeş finalı izləyə bilməyəcək”.
“Arsenal” azarkeşləri üçün biletlərin qiymətini də açıqlayıb. Qiymətlər 26-121 funt sterlinq arasında olacaq. Əksər biletlərin qiyməti isə 43 funt sterlinq təşkil edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının finalçıları “Liverpul”la “Tottenhem”in hərəsinə 16 min 613 bilet verilib. İyunun 1-də keçiriləcək qarşılaşma Madridin 68 min tamaşaçı tutan “Metropolitano” stadionunda baş tutacaq.