Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev komandamızın Buxarestdə başa çatmış Avropa çempionatındakı çıxışını dəyərləndirib.
ONA-nın məlumatına görə, mütəxəssis lider Mariya Stadniksiz (50 kq) yollandıqları yarışın millimiz üçün uğurlu keçdiyini deyib. O, Azərbaycan Güləş Federasiyasının saytına verdiyi müsahibəsində gələcək planlardan da danışıb.
- Liderin yoxluğu narahatlıq üçün əsas verirdi? Ümumiyyətlə, bu yarışa gedəndə nəticələrlə bağlı gözləntiniz nə idi?
- Avropa çempionatına qədər ölkə xaricində 2-3 təlim-məşq toplanışı keçdik. Fransada keçirilən Qran-pridə qüvvəmizi sınadıq. Stadnikin olmamasına görə narahatlıq var idi. Təbii ki, Maşa hamının yerinə güləşəsi deyildi. Ancaq komanda üçün lider dartıcı qüvvədir. Mariya sonuncu toplanışda bizimlə birgə idi. Elə Buxarestə də gəlib komandadan mənəvi dəstəyini əsirgəmədi. Bu yarışdan 3 medal gözləyirdim. Onların da “gümüş” və “bürünc” olacağını proqnozlaşdırırdım. Ancaq hazırlığımız yaxşı keçmişdi. Ona görə komandaya inamım vardı. Şükürlər olsun, 4 medal – bir qızıl, 3 bürünc qazandıq. Komanda hesabında 3-cü yeri də tuta bilərdik. Türkiyə ilə bütün göstəricilərimiz eyni idi. Ancaq iki çəkidə güləşçimiz olmadığından onlar bizi 2 xal qabaqladı. İnşallah, çalışacağıq ki, II Avropa Oyunlarında da ən azı bu nəticəni təkrarlayaq.
- Elis Manolovanın çempion olacağını gözləyirdinizmi? Yarımfinalda dünya və Avropa çempionu Petra Olliyə qalib gəldi...
- Əlbəttə, ondan uğurlu çıxış gözləyirdim. Çünki keçən il Avropa çempionatının finalında Olliylə görüş 3:3 qurtardı. Hətta Kaspiyskdə Elisə qarşı haqsızlıq da oldu. Manolova orada çempion olmalıydı. Yeganə çempionluğu əvvəldən elə Elisdən gözləyirdik. Finalda 0:4 geriyə düşdü. Ancaq fasilədə ona tapşırıqlarımızı verdik. Dedik ki, görüş hələ başa çatmayıb, o səndən 3 dəqiqəyə 4 xal alıbsa, sən də bunu bacararsan. Elə də oldu. Toparlandı və geridönüş edərək qələbə qazandı.
- Bəs bürünc medal qazanan güləşçilərimizin çıxışı sizi qane etdi?
- Alyona Kolesnik də çempion ola bilərdi. Ona da çox güvənirdim. 1/4 finalda Macarıstan güləşçisiylə qarşılaşmada ilk hissəni 5:0 öndə tamamladı. Ancaq hesabdakı böyük üstünlüyü qoruya bilmədi. Qadın güləşində belə şeylər olur. Avropa Oyunlarında ondan çempionluq gözləyirəm. Elmira Qəmbərova Rusiya güləşçisinə 2:0 qalib gəlirdi. Son dəqiqədə üstünlüyü əldən verdi və finala çıxa bilmədi.
- Ötən il dünya üçüncüsü olan İrina Netrebadan da medal gözləyirdik. Ancaq alınmadı...
- Avropa çempionatına az qalmış onun anası dünyasını dəyişdi. Anasını dəfn edib yarışa gəlmişdi. İrinanı başa düşmək olar. Hər halda, o da sona kimi mübarizə apardı. Həm də bu dəfə dünya üçüncüsü olduğu 65 kq-da yox, 68 kq-da çıxış etdi. Anasının vəfatının yaratdığı psixoloji duruma görə uğur qazanmaq mümkün olmadı.
- Bəs digər güləşçilərimizin çıxışını necə dəyərləndirirsiniz?
- Səbirə Əliyeva keçən il Avropa çempionatında qalib gəldiyi Macarıstan güləşçisinə uduzdu. Rəqibin üslubunda güləşdiyi üçün məğlub oldu. Halbuki həmin rəqibə qalib gəlsəydi, finala kimi irəliləyə bilərdi. Tatyana Varansova ilk mərhələdə dünya çempionuyla qarşılaşdı. O da qalib gəlmək üçün əlindən gələni etdi. Unutmayaq ki, hələ gənclərdən böyüklərə yenicə keçib. Yeniyetmə və gənclərdə Avropa ikincisi olub. Onu kənarda qoya bilmərik. Türkan Nəsirova əvvəllər ukraynalı rəqibinə müqavimət göstərə, xal ala bilmirdi. Amma bu yarışda 6:2 öndə idi. Son dəqiqələrdə qələbə üçün nəsə çatmadı. Özünəinam hissinin çatışmaması sözünü dedi.
- Avropa Oyunlarına qədər planlar necədir?
- Türkiyə yığmasıyla birgə toplanış keçməyi planlaşdırırıq. Olimpiya kateqoriyası olan 62 kq üçün Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova arasında seçim edəcəyik. Mariya Stadnik bərpa olunsa, Minskdəki məsul yarışda çıxış edəcək. Alyona Kolesnik (57 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) öz çəkilərində mübarizə aparacaq.
- Belarusdakı yarışdan nə gözləyirsiniz?
- Bir dəst medal qazansaq, bunu uğurlu nəticə saymaq olar.