İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak gələcək karyerası ilə bağlı qərarını verib.
ONA-nın məlumatına görə, qolkiper Madrid təmsilçisini tərk etməyəcək.
Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq sloveniyalı “Mançester Yunayted” (İngiltərə) və PSJ-dən (Fransa) cəlbedici təkliflər alsa da, klubunu dəyişmək niyyətində olmadığını açıqlayıb. Y.Oblak 2014-cü ildən şərəfini qoruduğu “Atletiko” ilə anlaşmasını uzadacağını bildirib.
26 yaşlı qapıçısını heyətdə saxlayan “Atletiko” İtaliya “İnter”inin futbolçusu Mauro İkardini də transfer etmək barədə düşünür. Hücumçular Antuan Qrizmann və Dieqo Kosta cütündən biri komandanı tərk etsə, madridlilər argentinalını almağa çalışacaq. Sonuncunun Çin klublarından birinə keçidi gündəmdədirsə, fransalı “Barselona”nın maraq dairəsindədir.
Qeyd edək ki, “Atletiko” La Liqanın turnir cədvəlində 2-ci sırada qərarlaşıb.