AVRO-2020-nin seçmə mərhələsinin İ qrupunda keçirilən Qazaxıstan – Rusiya oyununda texniki nəticə qeydə alına bilər.
ONA-nın məlumatına görə, buna səbəb meydan sahiblərinin heyətində adı protokolda olmayan futbolçunun matçda iştirakıdır.
Belə ki, Qazaxıstan yığmasının futbolçusu Yan Vorotovski bu qarşılaşmada meydana çıxıb. Hərçənd onun adı matçın ərizəsində qeyd olunmayıb. O, 30-cu dəqiqədə zədələnən Yuri Loqvinenkonu əvəzləyib.
Həmin anda 0:1 hesabı ilə uduzan Qazaxıstan millisi qarşılaşmadan 0:4 hesablı yenilgi ilə ayrılıb. Bunun UEFA-nın saytının texniki səhvi, yoxsa meydan sahiblərinin xətası olduğu hələ dəqiqləşməyib. Məsələ qitə futbol qurumu tərəfindən araşdırıldıqdan sonra yekun qərar veriləcək.
Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyasından verilən açıqlamada futbolçunu oyuna sifariş olunduğu bildirilir. İddia edilir ki, baş verənlər UEFA-nın sistemindəki texniki qüsurla bağlıdır.