Final oyunu Bakıda keçiriləcək UEFA Avropa Liqasının kuboku qitə turuna çıxacaq. ONA-nın məlumatına görə, mükafatın mayın 29-da keçiriləcək həlledici görüşə qədər olan marşrutu da müəyyənləşib.
Mayın 16-da Bakıya gətiriləcək kubok martın 9-da Cenevrədən (İsveçrə) səyahətə başlayacaq. Mükafat həmin ayın 22-23-də Sevilya (İspaniya), 29-30-da Berlin (Almaniya), aprelin 5-6-da London (İngiltərə), 12-də Milan (İtaliya), 20-də Moskva (Rusiya), mayın 10-da Parisi (Fransa) ziyarət edəcək.
Bu tur həm də xeyriyyə xarakteri daşıyacaq. Qitənin ikinci dərəcəli klub turnirinin qalibinə verilən kuboku canlı izləyənlər qaçqınlara yardım üçün butslar da verəcək. Yığılan ayaq geyimləri İordaniyadakı suriyalı qaçqınların düşərgəsinə aparılacaq. Xeyriyyə aksiyasına qoşulub bir cüt buts verənlər isə finala bilet və digər mükafatlar qazanmaq imkanı əldə edəcək.