• İDMAN

    17:07 21 fevral 2019

Avropa Liqasının finalı ilə əlaqədar futbol ulduzları Bakıya gəlir

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı sürprizlər davam edir. ONA-nın məlumatına görə, martın 3-də “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma baş tutacaq.

Bakının mərkəzində təşkil olunacaq oyunda yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər. Xarici ulduzlardan Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digərləri meydana çıxacaq. Saat 12:30-da başlayacaq görüşdə hər komandadan beş oyunçu mübarizə aparacaq, bir futbolçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.

Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Paytaxt sakinləri hər kəsə açıq olacaq bu möhtəşəm qarşılaşmanı yalnız izləməyəcək, eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar 23-24 fevralda Topaz Premyer Liqasının XVIII turunda oyunların baş tutacağı stadionlardan birində selfi çəkdirməli, şəkli şəxsi feysbuk hesabında #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.

İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi feysbuk hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.

İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilər.

“Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, Peşəkar Futbol Liqasının rəsmi saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün səhnədə mükafatlandırılacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR