İngiltərənin “Çelsi” klubu Avropa Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb.
ONA-nın məlumatına görə, 1/4 final mərhələsinin cavab oyununda Çexiya təmsilçisi “Slaviya”nı 4:3 hesabı ilə məğlub edən London klubu yarışın rekordunu təkrarlayıb.
Bunadək yalnız “Atletiko” 15 məğlubiyyətsiz matç keçirib. İspaniya klubu 2011-ci ilin noyabrından 2012-ci ilin oktyabrına qədər 15 görüşdə uduzmayıb.
2013-cü ilin aprelində 1/4 final mərhələsinin cavab oyununda “Rubin”ə (Rusiya) 2:3 hesabı ilə uduzan “Çelsi” bu müddətdə Avropa Liqasında 14 qələbə qazanıb və 1 heç-heçə edib.
“Çelsi” və “Arsenal”ın Avropa Liqasında yarımfinala yüksəlməsi ilə İngiltərənin avrokubokların bu mərhələsindəki təmsilçi sayı 4-ə yüksəlib. Bunadək “Liverpul”la “Tottenhem” Çempionlar Liqasında 1/4 final səddini adlamışdı. Bir-biri ilə görüşməyəcək komandaların azarkeşlərinə iki İngiltərə finalı izləmək imkanı yaratması da mümkündür.
Sonuncu dəfə bu ölkənin 4 klubunun yarımfinala yüksəlməsinə 35 il əvvəl təsadüf olunub. 1983/84 mövsümündə “Liverpul” Çempionlar kuboku, “Mançester Yunayted” Kuboklar kuboku, “Tottenhem” və “Nottingem Forest” UEFA kubokunda yarımfinala yüksəlib.