• İDMAN

    12:30 21 may 2019

Avropa Oyunlarının medalları 24 karatlıq qızıl, 999 əyarlı gümüş və bürüncdən hazırlanıb

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının medalları təqdim olunub.

ONA-nın məlumatına görə, mərasim “Mir” qəsrində baş tutub.

Medallar xüsusi qarışıq olan kompaktdan hazırlanıb. Mükafatların hazırlanmasında 24 karatlıq qızıl, 999 əyarlı gümüş və bürüncdən istifadə olunub. Medalın möhkəmliyi üçün nanoalmazlardan da istifadə edilib.

Çəkisi 540 qr, diametri 9,5 sm, qalınlığı 1 sm olan mükafatın hazırlanma prosesinə təxminən 20 saat vaxt gedib. Ümumilikdə yarışlar üçün 1084 medal istehsal olunub. Hər mükafatın arxa tərəfində onun hansı növdə qazanıldığı əksini tapıb. Onlar bərk ağac növlərindən düzəldilən xüsusi qablara yerləşdirilib. Qutunun yuxarı hissəsində qazanılan medalın rənginə uyğun loqoya da yer verilib.

Qaliblərə verilən medallardan başqa, bütün iştirakçılara və rəsmi şəxslərə təqdim olunmaq üçün xatirə medalları da istehsal olunub.

Qeyd edək ki, iyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında 15 növ üzrə 200 dəst medal öz sahibini tapacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR