• İDMAN

    10:42 24 aprel 2019

Avropa Oyunlarının proqramında dəyişiklik edilib, Azərbaycanın kənarda qalacağı dəqiqləşib

Avropa Oyunlarının proqramında dəyişiklik edilib.

ONA-nın məlumatına görə, Belarusda keçiriləcək Minsk-2019-da Dinamik Yeni Atletika (DNA) yarışları yeni formatda baş tutacaq.

Belə ki, “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunacaq bu növ üzrə turnirdə 24 ölkədən 504 idmançı mübarizə aparacaq. Bu ölkələr Belarus, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, İspaniya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, İsveçrə, Slovakiya, Türkiyə və Ukraynadır.

Azərbaycan yığmasının kənarda qalacağı atletika yarışlarında 10 dəst medal öz sahibini tapacaq. İyunun 20-də 9 növ üzrə mükafatçılar bilinəcək. Bunlar həm fərdi, həm də estafet yarışı olacaq. Yarışlar həmçinin komanda hesabında təsnifat xarakteri daşıyacaq. Qruplara bölünən yığmalar 1/4 finala vəsiqələrin sahiblərini müəyyənləşdirəcəklər. İyunun 25-də 1/4, ertəsi gün 1/2, ayın 28-də isə final qarşılaşması olacaq. Məhz bundan sonra 10-cu dəst medalın sahibi dəqiqləşəcək. Komanda hesabında xalların hesablanması əvvəlki qaydada qalıb.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda keçirilib. Həmin vaxt atletlər cəmi 1 dəst medal uğrunda yarışıblar. Komanda hesabında fərqlənən ölkələr fəxri kürsüyə yüksəliblər. Minskdə olacaq II Avropa Oyunlarında ümumi medal dəsti isə Bakı-2019-dan az olacaq. Əgər paytaxtımızda 253 dəst mükafat verilmişdisə, Belarusda bu dəyişiklikdən sonra say 200-ə çatdırılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR