• İDMAN

    11:20 15 mart 2019

Azad Rəhimov Əbu-Dabidə görüşlər keçirib

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Əbu-Dabinin vəliəhdi, BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan, BƏƏ-nin baş naziri və vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid əl-Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu haqqında xüsusi olaraq danışıb.

Bakı Forumunun Xüsusi Olimpiya Hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə verdiyi dəyəri nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiyaçı iştirak edir. Azərbaycanı bu yarışda 56 idmançı on idman növündə təmsil edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR