“Bu il də ənənəvi olaraq tanınmış şahmatçımız, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnir keçirilir. Sevindirici haldır ki, Şəmkirdə 6-cı dəfə təşkil edilməsinə baxmayaraq, yarışa dünyanın 10 ən güclü şahmatçılarından 6-sı qatılıb. Dünya çempionu Maqnus Karlsen də turnirdə iştirak edir”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov “Shamkir Chess 2019” supertunirinin açılış mərasimindən öncə deyib.
Bu yarışın şahmat tarixində öz yerini tutduğunu vurğulayan nazir, turnirin bütün şahmatçılarının diqqətini cəlb etdiyini bildirib: “Azərbaycanda şahmat idman növünə böyük dövlət dəstəyi göstərilir. Şahmat azarkeşlərimiz tərəfindən də sevilir. Belə tədbirlər Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırmaq üçün gözəl vasitədir. Düşünürük ki, gələn illərdə də bu turnir davam edəcək”.
A.Rəhimov Teymur Rəcəbovla Şəhriyar Məmədyarovun son klublararası dünya çempionatına qatılmamasına da münasibət bildirib: “Dünya və Avropa çempionatları həm nazirlik, həm də federasiyalar tərəfindən əsas diqqət mərkəzində saxlanılır və orada iştirak etmək vacibdir. Ona görə Azərbaycan bu yarışlara ən güclü komandaları göndərir. Şahmat isə digər idman növləri ilə fərqli olduğuna görə, ola bilsin ki, bizim məşhur şahmatçıların öz planları olub. Ona görə bu iki idmançı orada çıxış etməyib. Bizim komanda isə orada iştirak etdi və 7-ci yerdə qərarlaşdı. Düşünürük ki, gələn illərdə Şəhriyar və Teymur komandamızın yaraşmayan yerdə qərarlaşdığını görüb, dünya çempionatına qatılarlar”.