Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalır.
ONA-nın məlumatına görə, bununla bağlı bu gün Atletlər Kəndində tədbir təşkil olunub.
Mərasimi açıq elan edən Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, möhtəşəm yarışdan bizi cəmi 50 gün ayırır: "50 gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq. Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq".
O, XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə qeyd edib ki, mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsi vacib amildir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iki tədbirin birgə qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Bakıda keçiriləcək keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını söyləyib.
Ardınca Bakıda keçiriləcək Gənclər Yay Olimpiya Festivalının maskotları təqdim olunub. Atletlər Kəndindəki tədbirdə Cırtdan və Bəbir ictimaiyyət önünə çıxıb.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək.