• İDMAN

    13:53 2 may 2019

Azər Əliyev Dünya Kubokunda uğurlu çıxış edən paralimpiyaçılarla görüşüb

Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev ölkəmizin pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşüb.

ONA-nın məlumatına görə, MOK-un inzibati binasında baş tutan görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.

Tədbiri açan Azər Əliyev pauerliftinq üzrə paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokundakı uğurlu çıxışını yüksək qiymətləndirib. Üç qızıl, bir bürünc medalla komandamızın kişilər arasında birinci yer tutmasını xatırladıb.

Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən Azər Əliyev bildirib ki, bu idman növündə əzmli məşqlər önəmlidir.

Komandamıza uğur arzu edib və qeyd edib ki, əsas hədəf gələn il Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarıdır.

Daha sonra MPK prezidenti İlqar Rəhimov çıxış edib. O paralimpiyaçılara göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu artıq pauerliftinqçilər ilə ikinci görüşdür.

“Bundan öncə siz Milli Paralimpiya Komitəsinin ofisində pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşdünüz. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar daim sizin dəstəyinizi öz üzərilərində hiss edirlər. Fürsətdən istifadə edərək, komitə adından paralimpiyaçılarımızın dostu hörmətli Prezidentimiz cənab İlham Əliyevə göstərdiyi bütün diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”, - İlqar Rəhimov vurğulayıb.

İlqar Rəhimovun sözlərinə görə, idmançılarımızın Macarıstanda keçirilən dünya kubokunda uğurlu çıxışı tarixi hadisədir.

“İlk dəfədir ki, böyük komanda ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komandamızın üç üzvü qızıl, bir üzvü isə bürünc medalla qayıdırlar”, - o qeyd edib.

Daha sonra İlqar Rəhimov mayın 13-14-də paytaxtımızda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışının medallarının suverini Azər Əliyevə təqdim edib.

Pauerliftinq üzrə paralimpiya milli komandanın baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da öz çıxışında göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildiriblər. Bu dəstəyin idmançılarımızı yeni qələbələrə ruhlandırdığını qeyd ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR