“Valentin Xristovun 2012-ci London Yay Olimpiya Oyunlarındakı çıxışı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə tanışıq”.
Bunu ONA-ya Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katib Rizvan Rəsulov deyib.
AAAF rəsmisi azərbaycanlı ağırlıqqaldıran Valentin Xristov Olimpiya medalından məhrum edilməsinə münasibət bildirib. Artıq 2 dəfə dopinq səbəbindən diskvalifikasiya olunan milliləşdirilmiş atlet üçüncü dəfə bu halla üzləşəcəyi halda, ömürlük bu idman növündən uzaqlaşdırılacaq.
R. Rəsulovun sözlərinə görə, hər şey Beynəlxalq Ağır Atletika Federasiyasının qərarından asılı olacaq: “Prosedura görə, bundan sonra idmançıya tətbiq olunacaq cəzanın müddətini Beynəlxalq Ağır Atletika Federasiyasının İntizam Komitəsi təyin etməlidir. Valentin Xristov Azərbaycan yığma komandasının üzvü deyil, 2023-cü ilə qədər cəzası var. Hazırda biz London-2012 ilə bağlı İntizam Komitəsinin qərarını gözləyirik. İdmançının Olimpiya medalının qaytarılması istənərsə, bu qərara hörmətlə yanaşacaq, müvafiq addımları atacağıq. Federasiya apelyasiya ilə bağlı qərarını cəza açıqlanandan sonra verəcək”.
Qeyd edək ki, bolqarıstanlı legionerimiz 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. Buna Beynəlxalq Olimpiya Komitəsinin verdiyi qərar səbəb olub. Qurum 56 kq çəki dərəcəsində 3-cü olan V.Xristovun qadağan olunmuş preparatlardan istifadə etdiyini açıqlayıb. Bildirilir ki, təmsilçimizin dopinq-testlərinin təkrar analizi müsbət nəticə verib.
V. Xristovun bu qərardan İdman Arbitraj Məhkəməsi (CAS) və BOK-un İntizam Komissiyasına şikayət etmək hüququna malikdir.