Voleybol üzrə avrokubokların 2019/2020 mövsümündə ölkələrin təmsilçi sayı dəqiqləşib. ONA-nın məlumatına görə, bu, başa çatan 3 ilin reytinqinə əsasən müəyyənləşib.
Azərbaycanın həm kişi, həm qadınlar arasında keçirilən qitəmiqyaslı klub turnirindəki təmsilçi sayı da dəqiqləşib. Ölkəmiz yeni mövsümdə Avropada 5 klubla iştirak etmək hüququna malikdir. Bunlardan ikisi kişi, üçü qadın komandaları olmalıdır.
Qadınların Çempionlar Liqasında 154,32 xalla Avropanın 5-cisi olan Azərbaycan yalnız 1 klubla mübarizə apara bilər. Əslində, bu əmsal ölkəmizə IV təsnifat mərhələsində 2 komanda ilə çıxış etmək imkanı verir. Lakin davam etməkdə olan cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində iştirakdan imtina edən klublarımızın bu addımı Avropa Voleybol Konfederasiyasının (CEV) cəzası ilə nəticələnib. Bu üzdən də Azərbaycan Çempionlar Liqasında yalnız 1 qadın komanda ilə təmsil olunmaq hüququna malikdir. Bu komanda da IV təsnifat mərhələsindən deyil, ilk raunddan yarışa qoşulacaq.
Kişilər arasında ölkə çempionu da qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ilk mərhələdən başlayacaq. Reytinq xalı olmayan və siyahıda 30-cu pillədə qərarlaşan ölkəmizin mövsümə belə başlaması təbiidir.
Kişi voleybolçularımız CEV və “Çelenc Cup”ın birgə reytinqində 19,00 xalla qitənin 33-cüsüdür. Bu isə yalnız 1 komanda ilə təmsil olunmaq imkanı verir. Həmin komanda “Çelenc Cup”da mübarizə aparacaq.
Qadınların bu 2 yarış üçün tərtib olunan cədvəlində mövqeyimiz daha yaxşıdır. 61 xala malik ölkəmiz 17-ci pillədə qərarlaşıb. Bu da 2 klubla iştirakımıza icazə verir. Bu komandalardan biri CEV kuboku, digəri “Çelenc Cup”da qüvvəsini sınayacaq.