• İDMAN

    10:16 25 fevral 2019

Azərbaycan cüdoçuları “Böyük dəbilqə”də 4 medal qazanıb

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə" yarışına yekun vurulub. ONA-nın məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha 3 medal əlavə edib.

Kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Məmmədəli Mehdiyev (90 kq) Düsseldorf turnirini qızıl medalla başa vurub. Cüdoçumuz Li Koçman (İsrail), Hibelige Bu (Çin), Robert Florentino (Dominikan Respublikası), İvan Morales (Kuba) və Aleksandar Kukolja (Serbiya) qalib gələrək, finala yüksəlib. Mehdiyev həlledici görüşdə yaponiyalı Sanşiro Muraonu da məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin iki üzvü - Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları "Böyük dəbilqə"də 4 medala sahib olublar. Yarışın ikinci günü Rüstəm Orucov (73 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, Almaniyada keçirilən "Böyük dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunub və komanda hesabında 3-cü yeri tutub. Ölkəmizi Yaponiya (9-3-2) və Braziliya (1-1-3) qabaqlayıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR