Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə Azərbaycan millisi Yaponiyada təlim-məşq toplantısını başa vurublar.
Cüdo Federasiyasından ONA-ya verilən məlumata görə, Tokioda 3 həftə davam edən məşqlərdə millimizin aparıcı cüdoçuları iştirak ediblər.
Onlar hər gün 2 dəfə məşq edərək, baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər. Təlim-məşq toplantısına idmançılarımızla yanaşı, yaponiyalı cüdoçular da qatılıb.
Qeyd edək ki, Bakıda təşkil olunacaq beynəlxalq "Böyük Dəbilqə" turniri mayın 10-da start götürəcək. 3 gün ərzində olacaq mötəbər yarış Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.