• İDMAN

    18:49 24 iyul 2019

Azərbaycan cüdoçuları Yay Olimpiya Festivalında 1 qızıl və 2 bürünc medal qazanıblar

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarının ilk günü başa çatıb.

ONA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən görüşlərdən sonra 6 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Azərbaycan yığması günü 3 medalla başa vurub. Bu mükafatlardan biri qızıl, ikisi bürünc olub.

Komandamızın heyətində Turan Bayramov bütün görüşlərdə qələbə qazanıb. O, finalda rusiyalı Rizvan Maqomadovu sınağa çəkib və rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şükran Zamanlı (55 kq) bürünc medal üçün ukraynalı Vladislav Kolobovla qüvvəsini sınayıb. Görüş Azərbaycan idmançısının aktivinə yazılıb. O, ipponla qalib gəlib.

Gülşən Bəşirova (44 kq) 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə gücünü yoxlayıb. Qarşılaşma cüdoçumuzun asan qələbəsi ilə başa çatıb. O, rəqibini 17 saniyəyə ippona salaraq, bürünc medala yiyələnib.

Komanda yoldaşlarından fərqli, Səbinə Əliyeva (48 kq) medalı son anda əldən verib. O, üçüncü yer uğrunda görüşdə belçikalı Selin Dirikslə güləşib və ipponla uduzub.

Beləliklə, Azərbaycan millisinin Bakı-2019-dakı medallarının sayı 19-a çatıb. Bu mükafatlardan 9-u qızıl, 5-i gümüş və 5-i bürüncdür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR