Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib.
ONA-nın məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 18 cüdoçusu tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən yalnız Nicat Şıxəlizadə medal qazana bilib. 66 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa ardıcıl 5 qələbə ilə başladıqdan sonra moldovalı Denis Viera ilə final qarşılaşmasında uduzub və gümüş mükafatla kifayətlənib.
Eyni çəki dərəcəsində çıxış edən İbrahim Əliyev bürünc medal uğrunda qarşılaşmada monqolustanlı Baskx Yondonperenleyə uduzaraq üçüncülük şansını əldən verib.
Kişi cüdoçularımızdan Orxan Səfərov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı 60 kq), İsmayıl İbrahimov, İlkin Babazadə (hər ikisi 66 kq) ilk qarşılaşmada, Əhməd Yusifov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb.
Qadın cüdoçulardan yalnız üçü - Aişə Qurbanlı (48 kq), Aleksandra Larisa-Florian, İçinxorlo Munktsedov (hər ikisi 57 kq) 1/8 finala yüksəlib. Digər təmsilçilərimiz Leyla Əliyeva, Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (hamısı 52 kq), Səkinə Zairova (57 kq) ilk döyüşdə uduzublar.
Qeyd edək ki, yarışa mayın 12-də yekun vurulacaq.