• İDMAN

    15:05 24 iyul 2019

Azərbaycan cüdoçusu Yay Olimpiya Festivalında finala yüksəlib

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında çüdoçuların mübarizəsinə start verilib.

ONA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Onlardan biri finala yüksəldiyi halda, ikisi bürünc medal şansı qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov debütdə Adam Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib.

Cüdoçumuz yarımfinalda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib və yenə də tatamidən qalib ayrılıb. O, çempionluq üçün rusiyalı Rizvan Maqomadovu sınağa çəkəcək.

Şükran Zamanlı (55 kq) da festivala qələbə ilə başlayıb. Milli üzvü Migel Gaqodan (Portuqaliya) üstün olub. Lakin idmançı bu uğurun davamını gətirə bilməyib. İkinci cəhdində macarıstanlı Bense Farkaşa uduzub. Buna baxmayaraq, təsəlliverici görüşlərə qatılan həmyerlimiz almaniyalı David İckes və hollandiyalı Laurens Vilmsdən güclü olub.

O, bürünc medal üçün döyüşəcək.

44 kq çəkidə qüvvəsini sınayan Gülşən Bəşirova da Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub.

Təsəlliverici qarşılaşma isə G. Bəşirovanın xeyrinə yekunlaşıb. O, polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gələcək.

İsmayıl Qənbərli (50 kq) startda Sergey Mastryukova (Rusiya) uduzub. Onun rəqibi növbəti mərhələdə məğlub olduğu üçün təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşıb.

Qeyd edək ki, Festivalda Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR