Yaponiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında qadınların yarışına yekun vurulub.
ONA-nın məlumatına görə, mundialda Azərbaycan təmsilçisi Yekaterina Ryabova da qüvvəsini sınayıb.
Qısa proqramda 17-ci yeri tutan idmançımız həlledici mərhələdə daha yaxşı çıxış edib. Sərbəst proqramda 13-cü olan Y.Ryabova yekunda 179,88 xal toplayıb. O, bu göstərici ilə dünya çempionatını 13-cü yerdə başa vurub.
Dünya çempionu tituluna isə rusiyalı Alina Zaqitova yiyələnib. O, yekunda 237,50 xal toplayıb. Qazaxıstan təmsilçisi Elizabet Tursunbayeva 224,76 xalla ikinci, rusiyalı Yevgeniya Medvedeva 223,80 xalla üçüncü olub.
Qeyd edək ki, sabah yekun vurulacaq kişilərin yarışında daha bir idmançımız Vladimir Litvintsev buz üzərinə çıxacaq. Qısa proqramda 81,46 xal yığan təmsilçimiz hələlik 16-cı sırada yer alır.