Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda ikinci yarış gününə yekun vurulub. ONA-nın məlumatına görə, təsnifat mərhələsinin son günündə 5 növ üzrə finalçılar bəlli olub.
Milli Gimnastika Arenasında kişilər dayaqlı tullanma, dəstəli atda və turnikdə, qadınlar isə sərbəst hərəkətlər və gimnastika tirində qüvvələrini sınayıblar.
Final mərhələsinə vəsiqələr uğrunda dörd Azərbaycan gimnastı da mübarizə aparıb.
Dəstəli atda İvan Tixonovun çıxışı 13,366 xalla qiymətləndirilib. Murad Ağarzayev isə 11,766 xal yığıb.
Dayaqlı tullanma İvan Tixonov 14,316, Murad Ağarzayev 13,966 nəticə göstərib. Turnikdə İvan Tixonov 11,300, Nikita Simonov 10,866 xal toplamağa müvəffəq olub.
Qadınların yarışındakı yeganə təmsilçimiz Marina Nekrasova hər iki növdə bacarığını nümayiş etdirib. O, sərbəst hərəkətlərdə 12,366 nəticə göstərib. “Sarı gəlin” musiqisinin sədaları altında çıxış edən idmançımız qapalı geyimlə xalça üzərinə çıxmaqla tarixə imza atıb. O, xüsusi geyimlərdən imtina edən ilk gimnast olub.
Marina gimnastika tirində daha uğurlu çıxış edərək 12,566 xal toplayıb. Bu göstərici 6-cı yerlə final mərhələsinə vəsiqə üçün kifayət edib.
Qeyd edək ki, ilk yarış günündə gimnastlarımız final mərhələsinə üç vəsiqə qazanıblar. Murad Ağarzayev sərbəst hərəkətlər, Nikita Simonov halqalar, Marina Nekrasova dayaqlı tullanmada mükafatlar uğrunda mübarizə aparacaq.