Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun 3-cü günü başa çatıb.
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışda 5 növ üzrə final mərhələsinin çıxışları yekunlaşıb.
Kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda mükafatçıları müəyyənləşdiriblər. Azərbaycan milli komandasının üzvləri üç alət üzrə finalda qüvvələrini sınayıblar. Onlardan biri – Nikita Simonov Dünya Kubokunun gümüş medalını qazanıb.
Onun halqalardakı çıxışı uğurlu alınıb. Onun hərəkəti icra etməsi 14,800 ilə qiymətləndirilib. O, 2-ci yeri tutub. Yarışın qalibi isə Böyük Britaniya təmsilçisi Kurtni Tullox olub – 14,933.
Murad Ağarzayev sərbəst hərəkətlərdə 13,800 xal yığaraq, 6-cı yeri tutub. Bu növdə qızıl medala israilli Artyom Dolqopyat yiyələnib – 15,066.
Gimnastlarımızın qatılmadığı paralel qollardakı final mərhələsində isə qalib adını rusiyalı Vladislav Polyasov qazanıb – 15,133.
Yarışdakı yeganə xanım təmsilçimiz Mariya Nekrasova dayaqlı tullanmada gücünü yoxlayıb. O, 13,966 nəticə ilə 6-cı olub. 1-ci yeri isə ABŞ təmsilçisi Ceyd Keri tutub – 14,766.
Müxtəlif hündürlüklü qollarda qalib adına çinliJiaqi Lyu yiyələnib – 14,266.
Qeyd edək ki, sabah daha 5 növdə mükafatçılar bəlli olacaq.