• İDMAN

    09:00 22 aprel 2019

Azərbaycan gimnastları “AGF Junior Trophy”də 6 medal qazanıblar

Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastlar arasında keçirilən “AGF Junior Trophy” beynəlxalq yarışı başa çatıb.

ONA-nın məlumatına görə, 20 ölkənin çıxış etdiyi turnirdə Azərbaycan millisi 6 medal qazanıb.

Belə ki, yarışın ilk günü millimizin hesabına birinci mükafatı qrup hərəkətləri üzrə komandamız yazdırıb. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət yığmamız çoxnövçülük proqramında 41,00 xal toplayaraq, gümüş medal qazanıb.

Ayrı-ayrı alətlər üzrə final mərhələlərində də fərdi gimnastlarımız fəxri kürsüyə yüksəlməyi bacarıblar. Arzu Cəlilova iplə hərəkətlərin icrasına görə 17,350 xal alaraq, turniri 3-cü pillədə bitirib.

Onun komanda yoldaşı Nərminə Səmədova isə 4 final mərhələsində xalçaya çıxıb və 2 medal qazanıb. Gənc gimnastımız topla çıxışına görə bürünc, lent ilə icrasına görə isə gümüş medala sahib olub.

Daha sonra qrup komandalarımız hesabımızdakı medal dəstini tamamlayıblar. Qızlarımız halqa ilə icra etdikləri kompozisiyaya görə hakimlərdən 21,500 xal almaqla, qızıl medala yiyələniblər.

Gənclərdən ibarət komandamızın lentlə çıxışı isə 18,350 xalla dəyərləndirilib, bununla da turnirdə sonuncu qazanılan medal gümüş olub.

Qeyd edək ki, yarışlarda həm fərdi proqram (Arzu Cəlilova), həm də qrup komandaları arasında (Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə) ən yüksək icra xalına görə verilən “AGF Trophy” mükafatına da Azərbaycan gimnastları layiq görülüblər.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR