Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qadın güləşçilər mübarizəyə start veriblər.
APA-nın məlumatına görə, Azərbaycan millisi bu gün baş tutacaq 4 çəkidən 2-də təmsil olunur.
50 kq çəki dərəcəsində qüvvəsini sınayan komandanın lideri Mariya Stadnik ilk görüşünü nigeriyalı Miessinel Qenesisə qarşı keçirib. Təsnifat mərhələsi çərçivəsində baş tutan qarşılaşma 7 qat Avropa çempionunun asan qələbəsi ilə yekunlaşıb. O, cütün taleyini ilk hissədə həll edib – 11:0.
Olimpiya oyunlarının mükafatçısı 1/8 finalda hindistanlı Sima Simanı sınağa çəkib. Bu dəfə rəqibini 9:2 hesabı ilə məğlub edən M. Stadnik ardınca rusiyalı Yekaterina Poleşçukla güləşib. Bu dəfə də təmiz qələbə qazanan (10:1) idmançı yarımfinalda iştirak hüququ qazanıb. Bu, M. Stadnikə eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ verib.
Ondan fərqli, Türkan Nəsirova (53 kq) mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmer (Almaniya) vaxtından əvvəl uduzub – 0:11.
Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.