• İDMAN

    17:29 18 sentyabr 2019

Azərbaycan güləşçisi yenidən dünya çempionu olub

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionu titulunu qazanıb.

APA-nın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən mundialın finalında rumıniyalı Emiliya Vuça qalib gəlməklə, qızıl medala yiyələnib.

Həlledici qarşılaşmayadək Miessinel Qenesis (Nigeriya), Sima Sima (Hindistan), Yekaterina Poleşçuk (Rusiya) və Yanan Sun (Çin) üzərində inamlı qələbə qazanan millinin lideri bu dəfə xalçadan qalib ayrılıb. İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən pəhləvan yekunda rəqibini 13:0 hesabı ilə məğlub edib.

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib. İlk uğurunu 2009-cu ildə qazanan güləşçi 10 ildən sonra planetin ən yaxşısı ünvanını özünə qaytarıb.

Bu müddətdə üç dəfə finala yüksələn M.Stadnik 2011, 2015 və 2018-ci illərdə həlledici qarşılaşmada uduzub. Bütün finallarda onun yolunu yaponiyalı güləşçilər kəsiblər. Mundiallarda 2 qızıl və 3 gümüşü olan idmançının hesabında 2014-cü ilin bürünc mükafatı da var.

İkiqat dünya çempionu Avropada öz çəkisinin hegemonudur. O, yeddi dəfə qitə çempionu adına yiyələnib. M.Stadnikin uğurları 2008, 2009, 2011, 2014, 2016, 2017 və 2018-ci ilin yarışlarında qeydə alınıb.

Güləşçi 2015 və 2019-cu illərdə Avropa Oyunlarındakı qələbə ilə də qitənin ən yaxşısı olduğunu sübut edib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da qalibi olan milliləşən ukraynalı medal kolleksiyasını daha da zənginləşdirib.

Karyerası ərzində 12 çempionluğu (2 dünya, 7 qitə, 2 Avropa Oyunları və 1 İslamiada) olan M.Stadnik hələlik yalnız Olimpiya Oyunlarında fəxri kürsünun ən yüksək pilləsinə qalxmayıb.

Son üç yarışda əvvəl bürünc (2008), sonra iki gümüşə (2012, 2016) yiyələnən xanım idmançı uduzduğu bütün finallarda olduğu kimi yenə Yaponiya təmsilçilərinə yenilib.

17 finalda 5 dəfə uduzan M.Stadnik on iki qızıl, beş gümüş və iki bürünc olmaqla 19 mükafata yiyələnib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR