İspaniyanın Qvadalaxara şəhərində keçirilən karate üzrə böyüklər arasında 54-cü Avropa çempionatı davam edir.
ONA-nın məlumatına görə, yarışın üçüncü günündə Azərbaycanın dörd idmançısı medal uğrunda qarşılaşmaya çıxıb.
Onlardan biri gümüş, ikisi bürünc mükafata yiyələnibsə, biri məğlubiyyətə üzülüb. Kişilərin 75 kq çəki dərəcəsində kumite yarışında finala yüksələn Rafael Ağayev finalda qüvvəsini sınayıb. İtaliyalı Luici Busa ilə qarşılaşan 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə 0:1 hesabı ilə uduzaraq, ikinci yeri tutub.
Digər üç karateçimiz bürünc medal uğrunda mübarizə aparıb. +84 kq çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı ukraynalı Rizvan Talıbovla üz-üzə gəlib. 7:5 hesabı ilə qalib gələn idmançımız çempionatı üçüncü pillədə bitirib.
Qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Nuranə Əliyeva isə bürünc şansını qaçırıb. O, serbiyalı Yelena Milivoyçeviçə 0:1 hesabı ilə uduzub.
Katada çıxış edən Roman Heydərov üçüncü yer uğrunda almaniyalı İlya Smorqunerle ilə mübarizə aparıb. 25,9 xal yığan təmsilçimiz bürünc medala yiyələnib.