Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
ONA-nın məlumatına görə, baş tutacaq iki matç finalçıların adlarına aydınlıq gətirəcək.
Həlledici oyuna ilk vəsiqə Tofiq Bəhramov adına Respublika stadionunda sahibini tapacaq. İki əyalət təmsilçisi “Qarabağ”la “Qəbələ” münasibətlərini aydınlaşdıracaq.
Öz meydanında minimal hesablı qələbə qazanan “qırmızı-qaralar” ardıcıl 3-cü dəfə finala yüksəlmək üçün üstünlüyünü qorumalıdır. Növbəti “Qızıl dubl”a iddia edən “Qarabağ” isə rəqibini mübarizədən kənarlaşdırmağa köklənib.
Günün ikinci qarşılaşması da Bakıda keçiriləcək. İndiyədək finalda oynamayan iki komanda ilkə imza atmaq üçün mübarizə aparacaq.
Çempionatda durumları yaxşı olmayan “Zirə” ilə “Sumqayıt” avrokuboklar üçün son şansdan yararlanmağa çalışacaq. Səfərdə qolsuz heç-heçə edən paytaxt təmsilçisi meydan amilindən yararlanmaqla ilki gerçəkləşdirmək əzmindədir. İndiyədək avrokuboklarda oynamayan sumqayıtlıları səfərdə qollu heç-heçə də qane edəcək.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal
1 may (çərşənbə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun – 0:1
“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu, 20:00
İlk oyun – 0:0