AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib. ONA-nın məlumatına görə, İtaliyanın “İnter” klubunda çıxış edən Marselo Brozoviç A seriyasının “Spal”la qarşılaşmasında (2:0) xəsarət alıb.
Matçın 42-ci dəqiqəsində zədələndikdən sonra əvəzlənməsini istəyən 27 yaşlı yarımmüdafiəçinin durumuna müayinələrdən sonra aydınlıq gəlməlidir. Xorvatiya millisinin qarşıdakı iki seçmə oyununa dəvət alan futbolçunun martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı görüşlərdə iştirakı da sual altındadır.
Qeyd edək ki, Brozoviçə qədər Xorvatiya yığmasına çağırılan daha iki futbolçu zədələnib. Bunlar Ante Rebiç və Marko Pyatsadır.