Martın 28-31-də İspaniyanın Qvadalaxara şəhərində karate üzrə Avropa çempionatı keçiriləcək. ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edəcək.
Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdəki 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatamiyə çıxacaq.
Belə ki, məşqçilər korpusu kumite üzrə fərdi yarışlarda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevaya (+68 kq) şans verəcək. Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev da heyətdə olacaq.
Kata üzrə fərdi yarışlarda Roman Heydərov, para-karate çıxışlarında Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət gücünü yoxlayacaq.
Turnirdən bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə Komitəsinin üzvü Y.Bəşirovla birgə, federasiyanın vitse-prezidenti Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 51 ölkədən 508 idmançı mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini yaxşılaşdırmaqla yanaşı, Olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları qazanmağa çalışacaqlar. Yarışı idarə edənlər arasında beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq.