Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.
Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni yunan-Roma güləşçisi Rafiq Hüseynov qazandırıb.
77 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat Turnirində fərqlənib. O, finala yüksəlməklə, bu hüquqa yiyələnib. Rafiq yarımfinalda serbiyalı Viktor Nemesə qalib gələrək bu uğura imza atıb.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 23-ə çatıb. Hüseynov bu siyahıda yunan-Roma güləşi yığmamızın ikinci təmsilçisidir. Onadək yalnız İslam Abbasov (87 kq) analoji uğura imza atıb.
Yunan-Roma güləşçilərindən başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq), Elis Manolova (68 kq), boksçu Tayfur Əliyev (57 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.