Bu gün Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinə start veirləcək. ONA-nın məlumatına görə, “Zalsburq Arena”da təşkil ediləcək 3 günlük turnirdə Azərbaycan milli komandasının 9 idmançısı gücünü yoxlayacaq.
Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (hamısı +84 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) yer alıb. Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edən referilər arasında olacaq.
Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın ilk günü, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska şənbə günü mübarizəyə qatılacaq. Bütün çəki dərəcələrində mükafat görüşləri martın 3-də keçiriləcək.
Qeyd edək ki, turnirdə rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.