“Pul həlledici amil deyil. Karyeram ərzində bir neçə dəfə böyük məbləğlərdən imtina etmişəm”.
ONA-nın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Emil Balayev deyib.
Qazaxıstanın “Tobol” klubunda çıxış edən qapıçı bu gün qeyd etdiyi ad günü ilə bağlı müsahibə verib. Klubun mətbuat xidmətinin suallarını cavablandıran qolkiper karyerası barədə danışıb: “Bunu öz inkişafım, irəliləməyim üçün etmişəm. Qazaxıstandakı debütümü xatırlayıram. Çox istəyirdim ki, birinci matçında qol buraxmayım. İstəyim gerçəkləşdiyi üçün çox sevinirəm”.
E.Balayev inancları barədə də fikirlərini bildirib: “Talismanım yoxdur. Həmişə Allaha dua edirəm ki, hər şeydə mənə kömək olsun. Çünki hər şeyə onun köməyilə nail olduğumu düşünürəm. Məhəmməd peyğəmbər deyib ki, insanlara özünüzə arzuladığınızı edin. Başqalarına özünüzə rəva görmədiyinizi etməyin. Mən də bu qaydaya əməl etməyə çalışıram”.
25 yaşlı qapıçı karyerası barədə arzularını açıqlayıb: “Çalışmaq, daha artığına nail olmaq istəyirəm. Bir neçə ildən sonra geri baxıb karyeramı xatırlayanda mənə xoş olması və ağlıma yalnız yaxşı şeylər gəlməsi üçün çalışıram”.