Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında V turun görüşləri başa çatıb. ONA-nın məlumatına görə, ilk dörd turda yalnız 1 xal toplayan kişilərdən ibarət Azərbaycan millisi ABŞ yığması ilə üz-üzə gəlib.
Şimali amerikalılarla matçda Arkadi Naydiç və Nicat Abbasov rəqibləri üzərinə qələbə qazanıblar. Rauf Məmmədovla Qədir Hüseynov isə komanda üçün hərəyə yarım xal əldə ediblər. Nəticədə 3:1 hesabı ilə qalib gələn millimiz mundialda ilk qələbəsini əldə edib.
Turun digər matçlarında Çin İrana, İsveç Misirə eyni – 2,5:1,5 hesabı ilə qalib gəlib. Rusiya Qazaxıstanla qarşılaşmada daha inamlı qələbə əldə edib – 3:1. İngiltərə ilə Hindistanın duelində isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, V turdan sonra çempionatda bir günlük fasilə yaranacaq. Martın 11-də baş tutacaq VI turda Azərbaycan yığması yarışın lideri Rusiya ilə görüşəcək. Digər matçlarda İsveç – ABŞ, Hindistan – Qazaxıstan, İran – İngiltərə, Misir – Çin cütləri üz-üzə gələcək.
Dünya çempionatı
V tur
9 mart
Azərbaycan - ABŞ - 3:1
Arkadi Naydiç - Dariuş Sverç - 1:0
Rauf Məmmədov - Samuel Sevyan 0,5:0,5
Qədir Hüseynov - Aleksandr Onişuk - 0,5:0,5
Nicat Abbasov - Aleksandr Lenderman - 1:0
Turnir cədvəli: Rusiya - 9 xal, Hindistan, İngiltərə - 7, ABŞ - 6, İran, Çin - 5, Qazaxıstan, İsveç - 4, Azərbaycan - 3, Misir - 0.