Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar.
ONA-nın məlumatına görə, dünya birinciliyində bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadanımız Ruslan Həsənov Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıb.
O, KİV nümayəndələrinə müsahibəsində zəfərindən danışıb: “Belə bir nəticəyə imza atmağım mənim üçün gözlənilməz olsa da, buna ümid edirdim. Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Gələcək hədəfim nəticəmi yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam həmin yarışda da yaxşı çıxış edim”.
Ardınca milli komandamızın baş məşqçisi Çingiz Mustafayev də uğurla bağlı fikirlərini bölüşüb: “Bu nəticəyə doğru irəliləyirdik. Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması tək idmançı və məşqçi deyil, hamımızın qələbəsidir. Bu qələbə komanda zəhmətinin nəticəsidir”.
Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib: “Federasiya olaraq qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəfəlidir. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.
Xatırladaq ki, aprelin 6-14-də Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində ümumilikdə 6 idmançı ilə təmsil olunmuşuq. Şpaqaçılarımızdan turnirin yarımfinalına kimi irəliləməklə bürünc medalı təmin edən Ruslan Həsənov finala yüksəlmək uğrunda görüşdə çempion fransalı Artur Filippə uduzub.