Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
ONA-nın məlumatına görə, yığmamız Serbiya ilə üz-üzə gəlib.
Qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. Futzalçımız 2016-18-ci illərdə bu klublar 2 dəfə Serbiya çempionu, 2 dəfə ölkə kubokunu qazanıb.
Bir gün əvvəl keçirilmiş qarşılaşmada zədələnən V.Borisov, həmçinin Everton Kardoso dueldə meydana çıxmayıb.
Baş məşqçi Joze Alesio bu matçda aşağıdakı heyətə şans verib: Emin Kürdov (q), Teles Thaqo, Fineo de Araujo, Ramiz Çovdarov, Sezar Conatan, Rövşən Hüseynli (q, k), Samir Həmzəyev, Rizvan Fərzəliyev, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev.
Pozarevaç şəhərinin İdman Mərkəzində baş tutan oyun meydan sahiblərinin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə qədər 4 cavabsız qol vuran serbiyalılar ikinci hissənin gedişində hesabı artırsalar da, ruhdan düşməyən futzalçılarımız fərqi 2 topa qədər endirməyi bacarıblar. Millimiz ikinci hissəni əsasən 5 meydan oyunçusu ilə keçirib.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.