“İlk oyundan sonra birinci hissə haqda dediklərimin bu gün əksini etdik”.
ONA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio deyib.
Braziliyalı mütəxəssis yığmamızın Latviya millisi ilə Liepaya şəhərindəki yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Cənubi amerikalı AFFA-nın rəsmi saytına açıqlamasında 2:2 hesabı ilə başa çatan qarşılaşmadan narazılığını ifadə edib: “Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu gün çox istəkli idi, demək olar səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.
Qeyd edək ki, aprelin 13-dən 17-dək Serbiyada təlim-məşq toplanışında olacaq komandamız hazırlıq prosesi çərçivəsində bu ölkənin yığması ilə iki yoxlama oyunu keçirəcək. Görüşlər aprelin 15-də və 16-da baş tutacaq.