Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında karate üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
ONA-nın məlumatına görə, iyunun 21-30-da təşkil olunacaq yarışda təmsilçilərimizin sayı artırılıb.
Avropa Karate Federasiyasının Oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov 67 kq çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı siyahısına daxil edilib.
Beləliklə, 50 ölkədən 4000-dən artıq atletin 15 növ üzrə qatılacağı II Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı yarışda Rafiz Həsənovla yanaşı, Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Oyunlarının karate yarışları iyunun 29-30-da Minskin Çijovka-Arena kompleksində keçiriləcək.