"Azercell Telekom" MMC alpinist İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır.
Sentyabr ayının 20-də Azərbaycan Respublikasının Alpinizm üzrə idman ustası İsrafil Aşurlı “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüşərək nailiyyətlərini və Azercell ilə əməkdaşlığını müzakirə edib. “Tərəqqi” medalının, 1-ci və 2-ci dərəcəli “Edelveys” ordeninin sahibi, “Qar bəbiri” titulunu qazanmış idmançı “Zəfər Tacı” layihəsinin bir hissəsi olaraq dünyanın 14 ən hündür nöqtəsindən 4-nü fəth edib. O, 2007-ci ildə Everest dağ zirvəsini və Antarktidanın ən hündür zirvəsini – Vinson massivini fəth edərək orada Azərbaycan bayrağını ucaldan ilk azərbaycanlı olub. Həmçinin Aşurlı dünyanın ən yüksək 8 nöqtəsi sırasında yer alan Kançencanqa, Lxotze və Manaslu zirvələrinə, eləcə də Avropanın ən yüksək zirvəsi olan Elbrusa da yürüş edib.
Görüş zamanı Aşurlı 2021-ci ilin iyul ayında Karakorum dağlarının 7000 m yüksəklikdə yerləşən zirvəsində Azercell-in bayrağını ucaltdığı anı əks etdirən tarixi fotonu şirkət prezidentinə təqdim edib. “Bu cür uğura yalnız böyük zəhmət, mübarizlik əzmi və illər boyunca davam edən gərgin hazırlıq nəticəsində imza atmaq mümkündür. Məqsədlərinizə çatmaq üçün nümayiş etdirdiyiniz dayanıqlıq həqiqətən təqdirəlayiqdir və eyni zamanda, alpinizmin əhəmiyyətini bir daha vurğulayır. İndi isə, Qarabağın bərpa olunan ərazilərində bu idman növünün inkişafı üçün daha da geniş imkanlar yaranıb”, - deyə Zərinə Zeynalova bildirdi.
“Azercell” İsrafil Aşurlının idman fəaliyyətinin tərəfdaşı olmaqdan qürur duyur və ona gələcəkdə daha da böyük zirvələri fəth etməyi arzu edir.