• İDMAN

    22:22 8 iyun 2019

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, Azərbaycan yığması qitə birinciliyində daha iki medal qazanıb. Sərbəst güləşçilərimizdən ikisi çempion tituluna yiyələniblər.

Təmsilçilərimizdən Turan Bayramov (65 kq) 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək, finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan sonuncu xal prinsipinə əsasən qalib gələrək, Avropa çempionu olub.

Abubakr Abakarov qitə birinciliyini uğurla bitirib. 79 kq çəki dərəcəsində çıxış edən təmsilçimizə startda Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən Abubakr Avropa çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yarışda sabah sərbəst güləşçilərimiz daha 1 qızıl və 3 bürünc medal üçün qüvvələrini sınayacaqlar.

Daha öncə isə yunan-Roma güləşçilərimizdən Əsgər Əlizadə (60 kq) 2-ci, Zaur Əliyev (55 kq) 3-cü olub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR