Bakıda mayın 13-14-də keçirilmiş “IBSA Judo Grand Prix Baku 2019” yarışlarının yekunları açıqlanıb.
ONA-nın məlumatına görə, turnirdə iştirak etmək üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib.
Onlardan 11 nəfəri beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. 212 nəfər yarışda öz gücünü sınayıb. Bunlardan 150 nəfəri kişi, 62 nəfəri isə qadın olub.
İdmançılardan əlavə, yarışlar ilə əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər təşkil edib. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, 6-sı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, 7 nəfər texniki heyət, 112 nəfər isə idmançılara xidmət göstərən heyət olub.
Yarışlarda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti prezident və vitse-prezidentlər səviyyəsində təmsil olunub.
Beləliklə, yarış ilə əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub.
Kişilər 60, 66, 73, 90, 100 və +100 kq çəki dərəcələrində; qadınlar isə 48, 52, 57, 63, 70 və +70 kq çəki dərəcələrində 13 dəst – 52 ədəd medal uğrunda mübarizə aparıblar.
35 ölkədən yalnız 20 komanda vətənə medalla dönə bilib.
Yarışlarda Azərbaycanı 21 idmançı təmsil edib. Onlardan 11 nəfəri kişi, 10 nəfəri isə qadın idmançı olub. Azərbaycan paraolimpiyaçıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar ki, bunlardan 2 qızıl, 2 gümüş və 2 bürünc qızların payına düşür. Kişi idmançılarımız isə yarışlarda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Medal sayına görə, Azərbaycan 11 medalla birinci, Özbəkistan 8 medalla ikinci, Rusiya isə 5 medalla üçüncü yerə çıxıb.
Medalların əyarına görə, Özbəkistan birinci (4 qızıl), Azərbaycan ikinci (3 qızıl), Ukrayna isə üçüncü (1 qızıl) yerdə qərarlaşıb.