• İDMAN

    14:05 22 iyul 2019

Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala yüksəlib

Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

APA-nın məlumatına görə, ikinci yarış günündə 7 çəkidə qaliblər müəyyənləşəcək.

Azərbaycan yığması bu çəki dərəcələrinin hər birində təmsil olunub. Sərbəst güləşdə 1, yunan-Romada 2 və qadın güləşində 2 həmyerlimiz finala vəsiqə qazanıb. Daha bir sərbəst güləşçi isə bürünc üçün mübarizə aparacaq. Medal döyüşləri saat 16:00-da başlayacaq.

Sərbəst güləş

48 kq

Mircavad Nəbiyev final mübarizəyə 1/8 finaldan başlayıb. Onun Maqomedamin Bekbulatovla (Rusiya) görüşü 6:6 hesabı ilə yekunlaşsa da, rəqibi sonuncu xal prinsipinə uyğun mərhələ adlayıb.

Rusiyalı güləşçi finala yüksəldiyindən təmsilçimiz təsəlli verici görüşə qatılıb. Şükrü Korpeni (Türkiyə) 10:0 hesabı ilə məğlub edən M. Nəbiyev bürünc medal görüşü üçün Tomas Fişerlə (İsveçrə) qarşılaşacaq.

60 kq

Sabir Cəfərov 1/8 finalda macarıstanlı Marsel Deliyə 10:0 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Anatoli Xranikanı (Belarus) da məğlub etməkdə çətinlik çəkməyib – 12:1. Güləşçimiz yarımfinalda İvan Stoyanovla (Bolqarıstan) üz-üzə gəlib və rəqibi üzərində 5:1 hesablı qələbə qazanıb.

S. Səfərov finalda rusiyalı Fyodor Baltuyevlə güləşəcək.

Yunan-Roma güləşi

48 kq

Qurban Qurbanovun da startı uğurlu alınıb. İdmançımız öncə Kaçper Karaskieviçə (Polşa) 8:0, ardınca Emin Çakıra (Türkiyə) 10:0 hesabı ilə qalib gəlib. Q. Qurbanov finala gedən yolda Maksim Stupakeviçdən (Belarus) üstün olub. O bu dəfə 5:0 hesablı qələbəyə sevinib.

Q. Qurbanov qızıl medal üçün Xviça Abuladzeni (Gürcüstan) sınağa çəkəcək.

60 kq

Həsrət Cəfərov debütdə Donatas Rindeykisdən (Litva) üstün olub. 12:0 hesabı ilə qələbə qazanan idmançı 1/4 finalda Mikita Muraşkanı (Belarus) 13:5 hesabı ilə məğlub edib. O, yarımfinalda gücünü Andrea Settiyə (İtaliya) də göstərib – 6:0.

Yeniyetmə idmançı finalda Maqomed Qiqiyevlə (RUS) qarşılaşacaq.

Qadın güləşi

46 kq

Gültəkin Şirinova 1/8 finalda finlandiyalı Jutta Ala-Rantanı 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarusu təmsil edən Tatyana Pertsavanı da 6:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. G. Şirinova bu mərhələdə Fanni Viquronı (Fransa) da üstələyib – 10:3.

Güləşçi həlledici qarşılaşmada Georgiana-Lavinia Antuka (Rumıniya) ilə münasibətinə aydınlıq gətirəcək.

49 kq

Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb. O, Mihaela Samoilə 2:8 hesabı ilə uduzub.

61 kq

Mərziyə Sadıqova da yarışa 1/8 finaldan qoşulub. O, ardıcıl olaraq Manola Skobelska (Ukrayna, 6:3), Alina Kasabyeva (Rusiya, *1:1) və Elmas Çeliki (Türkiyə, 1:0) məğlub edərək, finala vəsiqə qazanıb.

İdmançı finalda italiyalı Aurora Russo ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Festivalın ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR