Azərbaycan nümayəndə heyəti Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının məşəl yandırma mərasimində iştirak edəcək.
Milli Olimpiya Komitəsindən ONA-ya verilən məlumata görə, tədbir aprelin 12-də İtaliyanın Roma şəhərində baş tutacaq.
Sülh məşəlinin yandırılma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının İşçi Heyətinin rəhbəri Nikki Əfəndi iştirak edəcək. Nümayəndə heyətində həmçinin Bakı-2019 Korporativ direktoru Elçin Səfərov, GİN Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Namiq Novruzov, MOK-un Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov, GİN İdman şöbəsinin rəisi Fərid Mansurov, atletlər Kəramət Hüseynov və Raziya Əliyeva da yer alacaqlar.
Mərasim çərçivəsində Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Koçiyançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və digər olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalı 21-28 iyul tarixlərində Bakıda keçiriləcək. Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə (gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş) olacaq. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.