Martın 14-17-də Azərbaycanda növbəti dünya səviyyəli yarış təşkil olunacaq. ONA-nın məlumatına görə, paytaxtımız bu dəfə kişi və qadın idman gimnastların Dünya Kubokuna ev sahibliyi edəcək.
Turnir əvvəlki yarışlarla müqayisədə böyük əhəmiyyətə malikdir. Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına getmək istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Olimpiadaya təsnifat xarakterli yarışa 41 ölkənin ən güclüləri qatılacaqlar. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir.
Olimpiada üçün Kotbus-Melburn-Bakı-Doha marşrutu
Bakıda baş tutacaq yarış seriyanın üçüncü mərhələsidir. Təsnifat xarakterli turnirə ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində start verilib və 50 ölkə təmsilçisi burada nəyə qadir olduğunu nümayiş etdirib. Bu ilin fevralında isə 32 komandanın idman gimnastları Avstraliyanın Melburn şəhərində bir araya gəliblər. İlk 2 turnirdə olduğu kimi, ölkəmizdə də Olimpiya mükafatçılarını, dünya və Avropa medalçılarını görə biləcəyik. 4 gün davam edəcək bu kubokdan bir neçə gün sonra – martın 20-23-də gimnastlar 2019-cu ilin sonuncu Olimpiya təsnifatı yarışında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcəklər. Bakıya gələcək komandaların əksəriyyəti isə artıq paytaxtımızdadır. Təşkilat Komitəsi ölkələrin məşq proqramını da açıqlayıb. Hər bir komanda sabahdan etibarən Dünya Kubokuna hazırlığı Milli Gimnastika Arenasında keçə biləcək. Komandalar səhər saat 8:00-dan müxtəlif vaxtlarda zalda məşqə çıxacaqlar. Saat 20:30-da başlayacaq son hazırlıqla günə yekun vurulacaq.
Yığmamız yarışa 4 gimnastla qatılacaq
Azərbaycan millisi yarışa 4 gimnasta qatılacaq. Kişilərin mübarizəsində Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov, qadınların turnirində Marina Nekrasova mükafatlar uğrunda yarışacaqlar. Lakin təmsilçilərimizin hamısı heç də bütün alətlərdə güclərini yoxlamayacaqlar. Onlardan Ağarzayevlə Simonov 3 dəst medal, digərləri bütün mükafatlar uğrunda mübarizə aparacaqlar. Yeri gəlmişkən, kişi gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, dəstəli at və turnikdə öz hərəkətlərini nümayiş etdirəcəklər. Xanımlar dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlərdə azarkeşlər qarşısına çıxacaqlar.
Test yarışı uğurla keçib
Artıq Bakının Dünya Kubokuna hazır olduğunu vurğulaya bilərik. Hər il bir neçə beynəlxalq turnirin təşkili ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan Gimnastika Federasiyasının (AGF) bu dəfə də yüksək təşkilatçılığı ilə digərlərindən fərqlənəcəyi heç kimdə şübhə doğurmur. AGF turnirin baş tutacağı Milli Gimnastika Arenasında test xarakterli təlim-məşq toplanışı da uğurla başa vurub. Təşkilat Komitəsi yoxlama toplanışını yarış formatında test edərək, bölmələr üzrə hazırlıq prosesini dəyərləndirib. Həmçinin təmsilçilərimiz Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova öz proqramlarını tam şəkildə icra ediblər. Bu gimnastların martın 7-də inamlı çıxışları Dünya Kubokunda uğurlu iştiraka da zəmanət verib. Onların bir çox yarışlarda olduğu kimi, yenə Azərbaycan bayrağını yüksəklərə qaldıracaqları və mükafatlara sahib olacağı gözləniləndir.
İlk 2 gündə təsnifat, ardınca medal yarışları
Dörd günlük yarışlar martın 14-də saat 12:00-da açılış mərasimi ilə start götürəcək. Gimnastların mübarizəsi 15 dəqiqə sonra başlanacaq. Təqvimə əsasən ilk iki gün təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Yarışda ilk mükafat martın 15-də öz sahibini tapacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Növbəti gün 5 növ üzrə finallar reallaşacaq. Kişilərin yarışında sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınların mübarizəsində dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə “üçlük” bəlli olacaq. Dünya kubokun son günü – martın 17-də digər 5 növ üzrə ən yaxşıların adları dəqiqləşəcək.